CƏMİYYƏT
İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolunun 10 illiyi ilə bağlı tədbir keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Ombudsman Aparatında BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyinə həsr edilmiş tədbir keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bu günlərdə müstəqilliyimizin 25 illiyini qeyd etdiyimiz ölkəmizin çoxsaylı beynəlxalq müqavilələrə qoşulması, bu səpkidə milli qanunvericiliyin təkmilləşdirilməsinin insan hüquq və azadlıqlarına mühüm töhfə verdiyini vurğulayıb.
Müvəkkil BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası”, habelə bu sənədin qüvvəyə minməsinin 10 illiyi tamam olan Fakültativ Protokolunun müddəalarının milli qanunvericiliyə implementasiyası haqqında geniş məlumat verib. O, ölkəmizdə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qismində məhz Ombudsmanın müəyyən edilməsinin təsadüfi olmadığını deyib. Belə ki, Müvəkkil məhkəmədən kənar hüquq-müdafiə mexanizmi olmaqla öz mandatına görə Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsini təmin edir. Şübhəsiz ki, müstəqil, qərəzsiz, “Paris prinsipləri”nə əsasən “A” statusuna malik milli insan hüquqları təsisatı kimi çıxış edən Müvəkkil öz fəaliyyətində işgəncələrlə mübarizə və qarşısının alınması, preventiv tədbirlərin təşkili və eləcə də maarifləndirmə işlərinin aparılması məsələlərinə xüsusi diqqət göstərib, bu da MPM-in formalaşdırılmasının əsasını qoymaqla bu fəaliyyət üçün zəmin yaradıb.
Tədbirdə ölkədə qanunvericilik yönümündə aparılan islahatlarla yanaşı, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslər, onlarla rəftar və saxlanılma şəraitlərinin təkmilləşdirilməsi istiqamətində Fakültativ Protokolun müddəaları əsasında görülmüş işlər müzakirə olunub. Müvəkkil tərəfindən dövlət qurumlarına insan hüquqlarının effektiv təmini üzrə çoxsaylı təkliflərin verildiyi və bunların böyük bir qisminin həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Ombudsmanının əhali qrupları, o cümlədən qadınların, uşaqların, ahılların, əlilliyi olan insanların, məhbusların, qaçqın və məcburi köçkünlərin, miqrantların və hərbçilərin hüquqlarının müdafiəsi, korrupsiya və insan alveri ilə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Fakültativ Protokolun qüvvəyə minməsinin 10 illiyinə həsr edilmiş silsilə tədbirlər Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Qubada yerləşən regional mərkəzləri tərəfindən də respublikanın regionlarında davam etdirilməkdədir.