MƏDƏNİYYƏT
İşıqlı gələcəyə səsləyən şair
Bakı, 2 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
İyunun 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai Rayon Mərkəzi Kitabxanasında (MKS) görkəmli Azərbaycanın şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi ilə əlaqədar ədəbi-kompozisiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Xətai rayon MKS-nin direktoru Oruc Quliyev Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə şairin yaradıcılığını əks etdirən film nümayiş olunub.
Sonra şairin nəvəsi, Bakı Dövlət Universitetinin (BDU) dosenti Sevda Tahirzadə kitabxananın kollektivinə göstərilən ehtirama görə təşəkkür edib.
S.Tahirzadə Mirzə Ələkbər Sabirin 155 illik yubileyi ilə bağlı onun virtual muzeyinin yaradılacağını söyləyib.
Tədbirdə BDU-nun müəllimi, sabirşünas alim Alxan Bayramoğlu, şair Zərəngiz Qayalı, MKS-nin əməkdaşları şairin çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapdığını bildiriblər. Xalqını işıqlı gələcəyə səsləyən şairin hələ sağlığında şerlərinin müxtəlif dillərə tərcümə edilərək, bütün Şərqdə şöhrət qazandığını vurğulayıblar.
Sonda rayondakı 261 nömrəli orta məktəbin, 28 nömrəli Laçın orta məktəbinin və Humanitar liseyin şagirdlərinin ifasında kiçik səhnəcik və şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.