CƏMİYYƏT
İşıqlı ömrün şəfəqləri
Bakı, 28 aprel, AZƏRTAC
Bütün həyatını xeyirxah əməllərə, dünya işığından məhrum olan, göz nurunu itirmiş və ya görmə qabiliyyəti zəifləmiş xəstələrə işıq paylamağa sərf etmiş oftalmoloq Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi illərdir ki yaşayır. Cəmi 62 il ömür sürmüş görkəmli akademikin həyat və ömür yolu xeyirxahlıq simvoluna, nəciblik timsalına çevrilib. Peşəsi, əməlləri, ictimai fəaliyyəti ilə işıqlı bir ömür yaşamış məşhur göz həkiminin yaddaşlarda qoyduğu silinməz izlər heç vaxt pozulmayacaqdır.
Görkəmli akademikin doğum günü akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində "Oftalmologiyanın aktual məsələləri" elmi konfransının mərhum göz həkiminin anadan olmasının 94-cü ildönümünə həsr edilməsi tamamilə təbii bir hadisədir.
AZƏRTAC xəbər verir ki, konfransi giriş sözü ilə açan Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov göz xəstəliklərinin müalicəsi sahəsində Zərifə xanım Əliyevanın gördüyü işləri və bu sahədəki misilsiz xidmətlərini xatırlayıb. Mərkəzin elmi işlər üzrə direktor müavini Hicran Namazova oftalmologiya elminin inkişafında Zərifə xanım Əliyevanın fəaliyyətindən, xüsusilə traxomanın ləğvi ilə əlaqədar istedadlı alimin axtarışlarından danışıb və onun 200-dən artıq elmi məqalənin, 18 səmərələşdirci təklifin, 12 monoqrafiyanın həmmüəllifi və müəllifi olduğunu qeyd edib və bütün bunların nəticəsi kimi oftalmoloqun SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alim olmağı barədə danışıb.
Elmi konfransda Milli Oftalmologiya Mərkəzinin həkimləri, tibb üzrə fəlsəfə doktorları Fərəh Abduləliyeva, Cəmil Həsənov, Fidan Ağayeva və başqalarının qlaukoma, qohum nikahları və göz patologiyaları, diabetik retinopatiyalar və digər aktual mövzularda məruzələri maraqla dinlənilib.
Konfransda Rusiya Federasiyası Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, prosessor Muxarram Bikbov “Ültrabənövşəyi krosslinkinq: keçmişi, bu günü və sabahı” mövzusunda məruzə edib.