QAN YADDAŞI
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib
Bakı, 29 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləyib. Mayın 27-28-də Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülüb. Şura yekdilliklə qəbul etdiyi “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə Xocalı faciəsini soyqırımı aktı adlandıraraq, İƏT-ə üzv ölkələri insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırıb.
Qətnamədə, eyni zamanda, 1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğu bildirilərək üzv dövlətlər və İƏT qurumları “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etməyə çağırılır, həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyi bildirilir.
Bununla yanaşı, İƏT xarici işlər nazirləri 2015-ci ilin yanvar ayında DƏ-İKGF və İƏT Parlamentlər İttifaqı arasında imzalanmış Əməkdaşlıq Memorandumunu təsdiq edib və həmin memorandumda nəzərdə tutulduğu kimi, iki qurum arasında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində əməkdaşlığa hərtərəfli dəstək göstərilməsi xüsusi qeyd olunub.