REGİONLAR


İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistləri Qəbələyə səfər ediblər

A+ A

Qəbələ, 6 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransının iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə olunan uğurlar barədə ətraflı məlumat verib.

Rayonda müasir memarlıq üslubunda inşa olunan binalara maraq göstərən nümayəndə heyətinin üzvləri əvvəlcə Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olublar. Bildirilib ki, 3 mərtəbəli binada 350 yerlik restoran, inzibati otaqlar, çoxfunksiyalı 1200 yerlik konfrans zalı, 92 kvadratmetr səhnə, VİP otaqları var. Konfrans zalı qısa müddətə başqa məqsədlər üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun istehsal müəssisələrindən olan “Gilan Qida” şəhərciyində istehsal prosesini də yaxından izləyiblər. Məlumat verilib ki, müəssisə yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal edir. İstehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır. Daha sonra qonaqlar müəssisədə istehsal olunan qida məhsullarının sərgisinə baxıblar.

Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olan qonaqlara məlumat verilib ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb. Bildirilib ki, kompleksdə beynəlxalq yarışlar təşkil olunur.

Rayonun turizm infrastrukturu ilə maraqlanan nümayəndə heyəti otellər kompleksi və sağlamlıq mərkəzləri ilə tanış olublar. Qeyd olunub ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə müasir infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunub və bölgələrdə irimiqyaslı turizm layihələri icra edilir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi məhz belə obyektlərdən biridir. Bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisi, qış mövsümündə xizəklə sürüşmə, otel və digər xidmətlərdən istifadə təklif edir. Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir istifadəçi enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaradan generasiya sistemi ilə təchiz edilib.

Səfər çərçivəsində bölgənin füsunkar təbiəti ilə yanaşı “Qafqaz Resort”, “Qafqaz Riverside”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri və sağlamlıq mərkəzləri ilə yaxından tanış olan qonaqlar Qəbələdən xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.