ELM VƏ TƏHSİL
İslam Ensiklopediyasının üçüncü nəşri Azərbaycan ədəbiyyatı ilə bağlı məlumatla zənginləşir
Bakı, 5 sentyabr, Şıxəli Əliyev, AZƏRTAC
“Brill” nəşriyyatı tərəfindən çoxcildli İslam Ensiklopediyasının yeni - üçüncü nəşrinin hazırlanması artıq bir neçə ildir ki, davam edir. Almaniya alimi Mixail Reinhard Hess uzun illərdir ki, Azərbaycan ədəbiyyatı ilə bağlı bir sıra oçerklərin yazılması ilə məşğuldur. O, bu yeni nəşr üçün “Azərbaycan ədəbiyyatı” adlı icmal xarakterli yazı, Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazarlarımız haqqında oçerklər hazırlayıb. Lakin bu siyahı tam deyil, ensiklopediya üzərində iş hələ davam edir.
M.Hess Almaniyada nəşr olunan ədəbiyyatla bağlı ensiklopediya və lüğətlərdə də Azərbaycan ədəbiyyatına aid hissələrin yazılmasında fəal iştirak edir. Qeyd edək ki, 2000-2004-cü illərdə Alman Elmi-tədqiqat Assosiasiyası M.Hessi böyük Azərbaycan şairi Nəsiminin türkcə divanının tədqiqi layihəsinə cəlb edib. Həmin illərdə alim dəfələrlə Bakıya, İstanbula, Konyaya səfər edərək şairin divanının əlyazma nüsxələri üzərində araşdırma aparıb. Almaniyalı alim 2009-cu ildə bu tədqiqatı əsasında “Həqq əhlinin dili. İmadəddin Nəsiminin türkcə divanı üzərində tədqiqat” kitabını nəşr etdirib.