İDMAN


İslam Həmrəyliyi İdman Federasiyası Bakının mötəbər yarışa hazırlığını alqışlayır VİDEO

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC 

İslam Həmrəyliyi İdman Federasiyası (ISSF) Bakının mötəbər yarışa - 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarına yüksək hazırlığını alqışlayır. ISSF IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının noyabrın 8-də Bakıda işə başlayan dördüncü iclasında səsləndirilib.

İclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak ediblər.

İclası açan Hamad Kalkaba Malboum Azərbaycan Hökumətinin IV İslam Həmrəylik Oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işin yüksək səviyyədə aparıldığını vurğulayaraq deyib: “Bu gün biz 2017-ci ildə bütün İslam dünyasının diqqətini cəlb edəcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesinin yüksək sürətlə getdiyinin şahidi olduq. Oyunların başlanmasına altı ay qaldığı dövrdə İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığın daha sıx şəkildə davam etdiriləcəyinə əminəm”.

IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov hazırlıq prosesi haqqında məlumat verərək deyib: “Oyunların başlanmasına altı aydan bir qədər çox vaxt qalıb. Təbii ki, bu müddətdə görüləsi işlər çoxdur. Lakin çox şadam ki, geridə qalan vaxt ərzində hazırlıq prosesi ilə bağlı ISSF-dən müsbət rəylər almışıq”.

Nazir qeyd edib ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın tarixində növbəti mühüm hadisə olmaqla yanaşı, İslam dünyası üçün də mühüm idman bayramıdır. Oyunlar ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, bizim hamımızı birlik, sülh, qarşılıqlı hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.

İkigünlük iclasda yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması, yarışlar, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri müzakirə olunur.

Əlaqələndirmə Komissiyasının üçüncü iclası mayın 12-də Bakıda keçirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.