İDMAN


İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən Bakıda ziyafət təşkil olunub

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ziyafət təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.

Azərbaycanın irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən vitse-prezident deyib: “İki gün əvvəl hamımız IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasiminin şahidi olduq. Möhtəşəm açılış mərasimi peşəkar komanda işinin nəticəsi idi. Yüksək təşkilatçılığa görə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Azərbaycanın zəngin tarixi və mədəniyyəti barədə məlumat verən Çingiz Hüseynzadə ölkəmizin iki il əvvəl ilk Avropa Oyunlarına ev sahibliyi etməsindən danışıb və bu mötəbər yarışın standartlarının respublikamızda müəyyənləşdiyini diqqətə çatdırıb.

Dəvəti qəbul edib ziyafətə qatıldığı üçün hamıya minnətdarlığını bildirən İHİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar Azərbaycanın növbəti uğura imza atdığını bildirib və federasiya prezidentinin salamlarını tədbir iştirakçılarına çatdırıb.

Qeyd edib ki, gözoxşayan açılış mərasimi ilə Azərbaycan İslam Həmrəyliyi Oyunları tarixində silinməz iz qoydu. Açılış mərasimi dünya mətbuatının diqqətində oldu və hamı tərəfindən yüksək qiymətləndirildi. “Bu, bizi çox sevindirir. Əldə olunan bu uğura görə, Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm”,- deyə baş katib vurğulayıb.

İslam Həmrəyliyi Oyunlarının özündə dostluğu və sülhü birləşdirdiyini vurğulayan İHİF-in baş katibi ölkəmizin zəngin adət-ənənəyə, yüksək qonaqpərvərliyə malik olduğunu və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.

Sonra İHİF-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Ziyafət İslam Həmrəyliyi İdman Federasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.