REGİONLAR


“İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamıdır

İsmayıllı, 2 iyun, AZƏRTAC 

İsmayıllıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə iyunun 2-də “İslam Həmrəyliyi İli” “Multikulturalizm İli”nin məntiqi davamı kimi” mövzusunda elmi-praktik konfrans keçirilib, habelə “Multikulturalizm” jurnalının yeni sayının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransı rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq mövzunun aktuallığını qeyd edib, Azərbaycanın, o cümlədən İsmayıllının tolerant və multikultural dəyərlərindən danışıb. Vurğulayıb ki, bölgədə azsaylı xalqların və etnik qrupların nümayəndələri yaşayır. Onlar öz adət-ənənələrini və milli mədəniyyətlərini qoruyub saxlayır, inkişaf etdirirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov Mərkəzin fəaliyyəti barədə danışıb, 20 xarici ölkənin ali məktəblərində multikulturalizmin bir fənn kimi tədris edildiyini, multikulturalizmin Azərbaycan modelinin dünyaya bir nümunə olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr şöbəsinin müdiri Hacı Nərimanoğlu, Azərbaycan Mühəndislik Akademiyası Multikulturalizm Mərkəzinin direktoru Həbib Zərbəliyev, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Alban-udi icmasının rəhbəri Robert Mobili, İqtisad Universitetinin müəllimi Leyla Nəzirzadə, Turizm Universitetinin müəllimi Radif Mustafayev və başqalarının məruzə və çıxışları maraqla qarşılanıb. Natiqlər multikultural dəyərlərə malik olan Azərbaycanda tolerantlığın tarixən həyat tərzinə çevrildiyini konkret faktlarla diqqətə çatdırıblar. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən ölkəmizdə dünyaya nümunə olan bu ənənələrin ümummilli lider Heydər Əliyev, onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışılıb. Bildirilib ki, dövlətimizin başçısı tərəfindən keçən il “Multikulturalizm İli” elan olunmuşdusa, bu il onun davamı kimi “İslam Həmrəyliyi İli” elan edilib.

Konfransdan sonra “Multikulturalizm” jurnalının yeni sayının və təzə çapdan çıxan “Azərbaycan ədəbi qaynaqları” kitabının təqdimatı olub.

Günün ikinci yarısında İsmayıllıdakı regional Bilik Evində görüş keçirilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Görüşdə daha geniş qarşılıqlı əlaqələrin qurulması, İsmayıllı Bilik Evinin fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonra qonaqlar İvanovka kəndinə səfər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.