ELM VƏ TƏHSİL
“İslam Həmrəyliyi İli”nə həsr olunan səyyar mühazirələr başa çatıb
Bakı, 25 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli”nə həsr olunan səyyar mühazirələr başa çatıb.
Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına əsasən təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblərdə “Dini vəhdət, qarşılıqlı hörmət milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir”, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”, “İslam barışıq və həmrəylik dinidir”, “İslam həmrəyliyinin dini radikalizmlə mübarizədəki rolu” və digər mövzularda mühazirələr keçirilib.
Mühazirələrdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi vurğulanıb, onlar arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının aktuallığı qeyd olunub.
Məruzəçilər ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını bildirib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu söyləyiblər.
Tədbirlərdə “Fitnə” sənədli filmi nümayiş olunub.