ELM VƏ TƏHSİL
“İslam Həmrəyliyi İli”nə həsr olunan səyyar mühazirələr davam edir
Bakı, 13 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi İli”nə həsr olunan səyyar mühazirələr davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.
“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”, “Milli-mənəvi dəyərlər və gənclik”, “İslam həmrəyliyinin Azərbaycan modeli”, “Dünyəvi dövlətdə multikultural və tolerant dəyərlərin vəhdəti”, “Milli-mənəvi dəyərlərimiz və İslam”, “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzularında mühazirələrdə IX-XI sinif şagirdləri iştirak ediblər.
Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Həmçinin Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxlu sayda xalqların həyatından, multikultural dəyərlərin inkişafından bəhs edilib.
Mühazirələrin sonunda “Fitnə” sənədli filmi nümayiş olunub.