ELM VƏ TƏHSİL


“İslam Həmrəyliyi İli”nə töhfə

Bakı, 11 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin elmi şurasının qərarı ilə Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində nəşr olunub. Türkə və türklüyə xüsusi məhəbbəti ilə seçilən ölməz sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Hafiz yaradıcılığı ilə bağlı boşluğu müəyyən qədər dolduracaq bu kitabı filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlayıb. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilib, geniş şərh yazılıb. Nəşrin elmi redaktoru professor Rafiq Novruzovdur. Kitaba BSU-nun rektoru, professor Nurlana Əliyeva rəy verib. Nəşr Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli”nə bir töhfə kimi nəşr edilib.

Hafiz Şirazinin əsərləri hələ orta əsrlərdə yayılıb, əlyazma nüsxələri dünyanın ən mötəbər kitabxanalarında qiymətli sənət nümunələri kimi qorunub. Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi məhəbbət və rəğbətlə yanaşılıb, onun irsi öyrənilib, şeirlərinə nəzirələr yazılıb. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat edib) olub.

XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri dilimizə çeviriblər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər sevilsə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməyib. Fikrimcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siqlətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şairin əsərlərinin tərcüməsi ilə ilk dəfə tanınmış şərqşünas alim Əbülfəzl Hüseyni nisbətən əhatəli şəkildə məşğul olub. O, şairin 117 qəzəlini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şah beytlərini dilimizə çevirib.

Xüsusi vurğulanmalıdır ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsünü qazandırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əbdürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Tehran, 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəjmanın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran, 1939) kitabında isə 581 göstərilib. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.