İQTİSADİYYAT
İslam Həmrəyliyi Oyunları zamanı idmançıların daşınmasına xüsusi təlim keçmiş sürücülər cəlb olunacaq
Bakı, 19 aprel, Elvin Camalov, AZƏRTAC
İslam Həmrəyliyi Oyunları zamanı idmançıların daşınmasına xüsusi təlim keçmiş sürücülər cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının miqyasını və xüsusi əhəmiyyətini nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı göstəriləcək nəqliyyat xidmətlərinin təşkili ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd, mötəbər idman tədbiri zamanı və hazırlıq mərhələsində Bakı Nəqliyyat Agentliyi tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməkdir. Bununla əlaqədar hazırlanan xüsusi Tədbirlər Planına əsasən, ilkin mərhələdə Oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısı hazırlanaraq Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edilib. Müvafiq yoxlamadan keçmiş sürücülər Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib.
M.Ağayevin sözlərinə görə, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib.