İQTİSADİYYAT


İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq VİDEO

Bakı, 15 mart, Elvira Məmmədova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxtın küçə və yollarında xüsusi qaydalar tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də keçirilən mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xalid Ələkbərov məlumat verib.

Bildirilib ki, mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə təşkilini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklamaya məhdudiyyətlər tətbiq ediləcək. Atılan addımların əsas məqsədi ərazidə yaşayan sakinlərin gündəlik həyatına və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatçılığı minimuma endirməkdir.

Oyunlar zamanı yarış məkanlarının bilavasitə ətrafında nəqliyyatın hərəkətinə nəzarət zonası yaradılacaq ki, bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya girişi qadağan olunacaq.

İstisna olaraq, yarış məkanlarından “Bayıl Arena”, Ağır Atletika Akademiyası, “AZAL Arena”, Bakı Tennis Akademiyasının ərazisində sakinlərin yaşadığını və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların bu ərazilərə girişini təmin etmək üçün giriş və çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında nəqliyyatın hərəkətinə nəzarət zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq, bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb.

İcazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcək. Bunun üçün həmin yarış məkanlarının ətrafında tətbiq olunacaq nəqliyyatın hərəkətinə nəzarət zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar sahələrində 2017-ci il martın 14-dən 31-dək qeydiyyatdan keçməlidir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib ki, Oyunlar zamanı bütün yarış məkanlarının ətrafında nəqliyyat vasitələrinin parklamasına məhdudiyyətlər qoyulacaq. Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılacaq.

Ümumilikdə nəqliyyatın hərəkətinə və parklamaya nəzarət zonaları cari il mayın 1-dən 25-dək fəaliyyət göstərəcək və bu müddətdə şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.