İQTİSADİYYAT


İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 200-dən çox avtobus cəlb ediləcək

Bakı, 20 aprel, Elvin Camalov, AZƏRTAC

İslam Həmrəyliyi Oyunları zamanı tamaşaçıların daşınması üçün 200-dən çox avtobus cəlb ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, açılış və bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimpiya Stadionu və üç istiqamət üzrə (“20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” metro stansiyaları) ekspress xətt təşkil edilib. Ekspress xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda, təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb olunacaq. Bu avtobusların müəyyən olunan qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək.

M.Ağayev qeyd edib ki, mayın 1-dən 30-dək Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və sair) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara tapşırıq verilib.

Xatırladaq ki, Tədbirlər planına uyğun olaraq, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin ediləcək. Bu və Oyunların nəqliyyat tədbiri ilə bağlı bütün digər zəruri məlumatlar Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi internet səhifəsi, BNA-nın facebook səhifəsi və BNA-ya məxsus AvtoRadio (107.7 fm) vasitəsilə ictimaiyyətə çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.