İQTİSADİYYAT


İslam Oyunlarının açılış və bağlanış günü üçün nəqliyyat əməliyyatları test edilib

Bakı, 10 may, Elvin Camalov, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günü (12 və 22 may) üçün nəzərdə tutulan nəqliyyat əməliyyatları test edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, Oyunların sınaq açılışı günü əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçıların daşınmasını həyata keçirən 3 ekspress xətt üzrə fəaliyyət göstərən 228 avtobus (ehtiyat olaraq, əlavə 90 avtobus) Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb. Burada zəruri prosedurlar - sürücülərin tibbi müayinəsi və nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təmin edilib. Saat 17:00-dan etibarən tamaşaçıların əvvəlcədən təyin olunmuş ərazilərdən metronun “Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti, metronun “Gənclik” stansiyasının qarşısından X2 Express xətti, metronun “20 Yanvar” stansiyasının qarşısından X3 Express xətti üzrə Bakı Olimpiya Stadionuna sınaq daşınmasına başlanılıb. Saat 20:40-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş 3 ekspress xətt üzrə 6000-dən çox sərnişinin 267 avtobus vasitəsilə Olimpiya Stadionuna daşınması həyata keçirilib.

M.Ağayevin sözlərinə görə, mərasim bitdikdən sonra axşam saat 23:00-dan 02:00-dək 8500-dən çox tamaşaçının 185 avtobusla fasiləsiz, operativ və təhlükəsiz şəraitdə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - metronun “Qara Qarayev”, ”20 Yanvar” və “Gənclik” stansiyalarına geri gətirilməsi təmin edilib. Görülən işlər çərçivəsində ekspress xətlərdən istifadə edəcək sərinişinlərin məlumatlandırılması və istiqamətləndirilməsini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş nöqtələrə nəqliyyat bələdçiləri təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.