REGİONLAR


İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir

Qəbələ, 22 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan İslam ölkəsidir və bizim mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada 1 milyard 700 milyondan çox insan etiqad edir. Biz də bu dəyərləri yaşadan ölkələr sırasında olmaqla, İslamı yad təsirlərdən qorumalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 22-də keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusundakı regional konfransda səsləndirilib.

Tədbirdə bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, dini işlər üzrə komissiyaların üzvləri, dini icma sədrləri, din xadimləri, imam və axundlar, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, Qəbələdəki dini durumdan danışıb, rayonda qeydiyyatdan keçən dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini-etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır. Komitə sədri ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu vurğulayıb.

Mübariz Qurbanlı ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli, tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüquqi normalarla tənzimləndiyini bildirib. Diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən tədbirlər davam etdirilməlidir”

Mübariz Qurbanlı qeyd edib ki, milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq. Bu cür maariflənidirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəttah Heydərov bildirib ki, ölkəmizdə hökm sürən etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir. Respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma var. İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəs yaxından iştirak etməli, bu sahədə maarifləndirmə işi ardıcıl və məqsədyönlü şəkildə aparılmalıdır.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq. Din sahəsində ideoloji cəhətdən boşluğun yaranmasına imkan verməməliyik”, - deyə Fəttah Heydərov bildirib.

Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ceyhun Rüstəmov ölkəmizdəki dövlət-din münasibətlərindən, dövlətin dinə qayğısından danışaraq, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, ənənəvi İslam dəyərləri və çağdaş problemlərdən də ətraflı söz açıb.

Alban-udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti udi icmasının fəaliyyətinə qayğı ilə yanaşır. 2003-cü ildə Nic qəsəbəsindəki, 2010-cu ildə isə Oğuzdakı Alban-udi xristian dini icması qeydiyyatdan keçib.

Sonra konfrans Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda panel iclası ilə davam edib.

Panel iclasını açan rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova Qəbələdə həyata keçirilən dini maarifləndirmə tədbirlərindən, eyni zamanda, gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunmasının zəruriliyindən danışıb.

Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov rayondakı sabit dini durum və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib.

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Sultanov çıxışında gənclərin maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək gənc nəslin ənənəvi dini və milli dəyərlərimizə, bu dəyərlərin əsas prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasının vacibliyini vurğulayıb. Sədr müavini dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran, xalqımızın yüz illər boyu formalaşmış dözümlülük ənənələrinə, milli-mənəvi dəyərlərinə xələl gətirmək istəyən qüvvələrə qarşı mübarizədə hər kəsin fəal olmasının zəruriliyini qeyd edib. Bildirib ki, bu baxımdan dövlətçiliyimizi və milli-mənəvi irsimizi qorumaq, eləcə də təbliğ etmək, sözügedən istiqamətdə iş aparmaq dövlət qurumları ilə yanaşı, həm də dini icmaların, ictimai təşkilatların, ümumiyyətlə, hər bir vətəndaşın başlıca vəzifəsi olmalıdır.

DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məruzəsində müsəlman aləminin inkişafına mane olan amillərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən danışıb.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.