CƏMİYYƏT
İslam dünyası Ramazan ayını eyni tarixdə qeyd etmək üçün bir araya gəlir
Bakı, 27 may, AZƏRTAC
Vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və bayramı eyni gündə qeyd etməsi məsələləri müzakirə olunacaq.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir.
Türkiyə Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə mayın 28-30-da İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar.
Konqresdə 50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilir. Tədbirdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.