DÜNYA
İslam dünyası Səudiyyə ərəbistanında törədilmiş terror aktını pisləyir
Əmman, 5 iyul, AZƏRTAC
Bir gün əvvəl Səudiyyə Ərəbistanında törədilmiş terror aktı ilə bağlı ərəb və islam dünyası dövlətlərinin liderləri, habelə bu ölkələrin xarici siyasət idarələrinin rəhbərləri terror hadisəsini sərt şəkildə pisləyib və Səudiyyə Ərəbistanı rəhbərliyinə başsağlığı veriblər.
Səudiyyə Ərəbistanı Krallığının SPA rəsmi informasiya agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi, İordaniya kralı, Bəhreyn kralı, Küveyt əmiri və digər dövlətlərin liderləri Səudiyyə Ərəbistanı kralına və onun varisinə telefonla zəng edərək başsağlığı veriblər. Məlumatda qeyd edilir ki, Türkiyə Prezidenti, Yəmən hökuməti, Fələstin, Qətər və Oman rəhbərləri də sərt bəyanatla çıxış ediblər. Ərəb Dövlətləri Liqasının baş katibi Ahmed Abul Qeyt də başsağlığı verib.
Misir xarici siyasət idarəsinin bəyanatında “dindən-imandan, insanlıqdan uzaq” terrorizmə qarşı mübarizədə beynəlxalq səyləri birləşdirmək çağırışı xüsusilə vurğulanır.
Xatırladaq ki, dünən – müqəddəs Ramazan ayının son günlərindən birində Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında axşam ibadəti zamanı terrorçu-kamikadze və onun məscid ərazisinə keçməsinin qarşısını almaq istəyən təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı həlak olub. Beş polis müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Bazar ertəsi isə Ciddə şəhərində ABŞ Baş Konsulluğunun yaxınlığında terrorçu özünü partladıb. Krallığın şərqində El-Qatif şəhərindəki məscidin yaxınlığında da terrorçu-kamikadze özünü partladıb. Zərər çəkən olmayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman