REGİONLAR
İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür
Masallı, 18 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində “Yeni Üfüq” İctimai Birliyinin təşkilatçılığı ilə "İslam həmrəyliyi - Azərbaycan nümunəsi” mövzunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ağsaqqalların, ziyalı və gənclərin, rayonda fəaliyyət göstərən QHT-lərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə tolerantlığın Azərbaycan modeli yekdilliklə təqdir olunub. “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasına daha bir etibarlı zəmanətidir: “IV İslam Həmrəyliyi Oyunlarının da bu il Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də dünyanın diqqətini bir daha Azərbaycana cəlb etdi. Ölkəmizdəki məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə edilməsi çox uğurlu siyasi addım oldu”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Camal Əzimbəyli çıxışında qeyd edib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurverici hadisədir. İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür. Bu həmrəyliyin qorunması və inkişaf etdirilməsi həm də milli təhlükəsizliyimizin mühafizə olunmasına dəyərli töhfədir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgə qazisi Mirqiyas Təhməzov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.