REGİONLAR
İslam həmrəyliyi birlik və bərabərliyimizin tərənnümüdür
Masallı, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
İslam həmrəyliyi birlik və bərabərliyimizin ən yüksək səviyyədə tərənnümüdür. Ölkəmizdə İslam həmrəyliyinin qorunması həm də milli təhlükəsizliyimizə böyük töhfədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Rayonun dini icma rəhbərlərinin, din xadimlərinin, ziyalıların, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir, dövlətimizin beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir.
Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edib. Ölkəmizdə mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Əsrlərdən bəri Azərbaycanda hökm sürən milli və dini tolerantlıq ənənələrinin bu gün dövlətimiz tərəfindən mühafizə edilməsi təqdirəlayiq haldır.
Respublikamızda həyata keçirilən dövlət-din siyasətinin uğurlu nəticələri barədə danışan S.Əliyev dini maarifləndirmənin zəruriliyinə toxunub, dövlətimizin başçısının bu məqsədlə dini icmalara maliyyə yardımı göstərmək barədə müvafiq Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirib.
Tədbirdə mövzu ilə bağlı DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynlinin məruzəsi dinlənilib. Şöbənin əməkdaşı Kamil Bağırov çıxışında regionlarda dini radikalizm meyillərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.
Tədbirdə çıxış edən Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Məmmədağa Şiriyev, gənclərin nümayəndələri Tural İsayev, Dilguşə Məmmədova, Həmdulla Məmmədov, Əfrail Fərziyev və başqaları qeyd ediblər ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Xalqımız ənənəvi islam dəyərlərinə söykənir və yad təsirləri heç vaxt qəbul etməyəcək. Bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur.