CƏMİYYƏT


İslam həmrəyliyi sülh və birlik nümunəsidir

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Yasamal rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda konfrans keçirilib. Konfrans Cabir Novruz Mədəniyyət Fondunun, Yasamal Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin muzey bölməsində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyublar.

Konfransda çıxış edən Cabir Novruz Mədəniyyət Fondunun idarə heyətinin üzvü Fuad Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb. O, “İslam Həmrəyliyi İli” çərçivəsində respublikamızda keçirilən mötəbər tədbirlər barədə geniş məlumat verib.

Sonra “Körpələrin səsi” klipi təqdim edilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “İslam həmrəyliyi və dini icmaların funksiyası”, Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova “Dini dəyərlərə qayğı dövlət siyasətinin əsası kimi”, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “Beynəlxalq idman oyunlarının keçirilməsində gənclərin rolu və idman uğurlarımız”, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli “İslamda sülh və dinin gənclərin tərbiyəsində rolu” mövzularında çıxış ediblər. Çıxışlarda respublikamızda İslam dininə mənsub olan şəxslərin digər dinlərin nümayəndələri ilə birgə mehriban qonşuluq şəraitində yaşadıqları qeyd edilib. Bildirilib ki, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq müstəqil Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizdə keçirilmiş humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, IV İslam Həmrəyliyi Oyunları bundan qaynaqlanır.

Natiqlər bildiriblər ki, ölkəmiz tarixən milli və dini baxımdan hər zaman tolerant bir ölkə olub. Azərbaycanda çoxsaylı etnoslar və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşamasına baxmayaraq dini qarşıdurma baş verməyib. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərinə və müasirliyə diqqət yetirməyin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmaq lazımdır.

Konfransda çıxış edən Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Azərbaycanın dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanaraq insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olduğunu söyləyib.

Digər çıxış edənlər də multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu, İslam dininin sülh və birlik nümunəsi olduğunu qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.