ELM VƏ TƏHSİL
İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov tələbələrə “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxuyub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin prorektoru, professor Ələddin Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb, bunun “Multikulturalizm İli”nin davamı olduğunu söyləyib. O, İslam dininin dəyərlərindən, mahiyyətindən və Məhəmməd Peyğəmbərin dinə verdiyi töhfələrdən danışıb.
R.İlyasov mühazirəsində İslam elm tarixində intellektual məktəblər və elmi mərkəzlər arasında Azərbaycan məktəbinin də xüsusi yeri olduğunu deyib. Ölkəmizdə yetişən məşhur İslam alimləri və mütəfəkkirləri haqqında məlumat verib. O, Səlcuq imperiyası dövründə Azərbaycan məktəbinin keçdiyi təşəkkül və inkişaf mərhələlərindən də söz açıb.
Universitetin dosenti Misgər Məmmədov milli dəyərlərdən, tolerantlıqdan bəhs edib.