CƏMİYYƏT


İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri müzakirə olunub

Bakı, 12 iyun, AZƏRTAC 

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar -müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. O qeyd edib ki, hazırda ölkəmizdə dini sabitliyin hökm sürməsi həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirədə məruzə ilə çıxış edərək bildirib ki, dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. DQİDK sədrinin birinci müavini ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edərək diqqətə çatdırıb ki, Azərbaycan bütün dini konfessiya nümayəndələrinin birlik, mehribanlıq şəraitində yaşadığı multikultural ölkədir. S.Salahlı, həmçinin dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları haqqında danışıb, Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.