CƏMİYYƏT
İslam həmrəyliyinin təbliğində dini icmaların üzərinə mühüm vəzifə düşür
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirib. O, Prezident İlham Əliyev tərəfindən bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin İslam dünyasında birliyə töhfə verməklə yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu qeyd edib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən S.Salahlı hər bir müsəlmanın İslam dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən bu məqsədlə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin bu tarixi missiyanı uğurla həyata keçirdiyini vurğulayıb. O, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələr verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.