CƏMİYYƏT
İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı müzakirə olunub
Bakı, 30 iyun, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Tovuz Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonda “İslam həmrəyliyinin təbliğində region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirib.
TUMİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Rizvan Qəmbərov vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı müsbət qiymətləndirib. O deyib ki, belə tədbirlərin keçirilməsi gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.
İctimai Birliyin sədri Çingiz Bayramov dünya xalqları üçün model olan Azərbaycandakı dövlət-din münasibətlərinin səciyyəvi xüsusiyyətlərindən danışıb. Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkən TUMİB sədri ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyi üçün tarixboyu dinlər və mədəniyyətlər arasında körpü rolunu oynayıb. Ulu öndər Heydər Əliyevin dini icmalara daim qayğı ilə yanaşdığını xatırladan natiq deyib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gənclər və İdman Nazirliyi Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Tovuz rayonunun axundu Hacı Nəriman, TUMİB üzvü Seymur Tağıyev və başqaları çıxış edərək Azərbaycan xalqının qədim tarixə, tolerant ənənələrinə malik olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə hakim olan sağlam mənəvi mühiti qoruyub-saxlamaq və inkişaf elətdirmək hər bir azərbaycanlının borcudur.