ELM VƏ TƏHSİL


“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından ibarət toplu çap olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda ötən il Bakıda keçirilən beynəlxalq elmi konfransda müzakirə olunan elmi-dini mövzuların aktuallığı, əhəmiyyəti və elmi yükü nəzərə alınmaqla tədbirin materiallarından ibarət kitab çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın rəyasət heyətinin qərarına əsasən 632 səhifəlik nəşrdə Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlandığı təbrik məktubu, tədbirin açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin nitqləri, eləcə də yerli və xarici alimlərin və ilahiyyatçıların çıxışları verilib. Həmçinin məcmuəyə konfransın plenar iclaslarındakı mühazirə və çıxışlar, müzakirə olunan mövzularla bağlı iştirakçıların məqalələri daxil edilib. Azərbaycan, rus, ingilis və türk dillərində materialların yer aldığı kitab xüsusilə müvafiq sahələr üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nəşrə məsul şəxs isə akademiyanın rəyasət heyətinin ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.