QAN YADDAŞI
İslamabaddakı “Pakistan in the World” jurnalında “Azərbaycanın Qara Yanvarı” adlı məqalə dərc edilib
İslamabad, 20 yanvar, АZƏRTAC
“Pakistan in the World” jurnalında və portalında “Azərbaycanın Qara Yanvarı” adlı məqalə verilib.
Məqalədə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz edən Azərbaycan xalqı müxtəlif şəhərlərdə etiraz aksiyalarına başlayıb. Xalq kütlələrinə qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Bu qanlı hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 147 nəfər vəhşicəsinə qətlə yetirilib, 744 nəfər ağır yaralanıb.
Müəllif hadisənin əvvəlcədən planlaşdırıldığına da diqqət çəkərək deyir: Əməliyyatdan bir neçə gün əvvəl SSRİ müdafiə və daxili işlər nazirlərinin, o cümlədən digər yüksək rütbəli zabitlərin Bakıya gəlişi, qətliamdan əhalinin məlumatsız saxlanılması məqsədilə televiziyanın enerji blokunun partladılması və digər bu kimi əməliyyatlar açıq şəkildə göstərir ki, bu məsələlər əvvəlcədən dəqiqliklə ölçülüb-biçilib və müstəqilliyə can atan insanları qorxu və dəhşət vasitəsilə susdurmaq məqsədini daşıyıb.
Lakin rejimin istəyi baş tutmayıb, növbəti gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev həyatına olan təhlükəyə baxmayaraq, ilk dəfə olaraq faciənin baş verməsində Sovet rəhbərliyini açıq şəkildə ittiham edib.
Məqalədə 1990-cı il yanvarın 22-də bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi qeyd olunur. Yazıda hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur.
Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.
Sonda Azərbaycan Prezidentinin sərəncamları ilə 20 Yanvar şəhidlərinin ailələrinin dövlət himayəsi altına alındığı və onların ehtiyaclarının qarşılandığı qeyd olunur. Azərbaycan xalqı tərəfindən öz qəhrəman oğullarını və qızlarını unutmayaraq hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir.
Onu da qeyd edək ki, “Qara Yanvar” mövzusuna Pakistanın digər KİV-də də yer verilib, mövzu ilə bağlı “Election Times”, “Lead Pakistan ” qəzet və saytlarında müxtəlif məqalələr dərc edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad