DÜNYA
İslamçı Cabbar al-Bakr Leypsiq həbsxanasında intihar edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Xüsusi təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, terrorçuluqda şübhəli bilinən Cabbar al-Bakr Leypsiq həbsxanasında intihar edib. Bu barədə Saksoniyanın ədliyyə naziri Sebastyan Gemkov cümə axşamı günü mətbuat konfransında məlumat verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ötən gecə Saksoniya federal torpağının hakimiyyət orqanları terrorçuluq şübhəsi ilə həbs olunmuş 22 yaşlı islamçı Cabbar al-Bakrın özünü öldürməsi faktını təsdiqləyiblər.
Ötən il Almaniyada üç illiyə qaçqın statusu almış al-Bakr sentyabr ayından xüsusi xidmət orqanları tərəfindən izlənilib. Onun Xemnitsedəki mənzilində aparılan axtarış zamanı 1,5 kiloqram partlayıcı aşkarlanıb. Suriyalı oktyabrın 10-na keçən gecə Leypsiqdə tutulub.
Xüsusi xidmət orqanlarının məlumatına görə, İŞİD-lə əlaqəli olan Cabbar al-Bakr Berlin aeroportlarından birində partlayış törətməyə hazırlaşır və terror aktını oktyabrın 16-dək həyata keçirməyi planlaşdırırdı.