İDMAN
İslamiada: Ağır atletika yarışlarına yekun vurulub
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də İslamiadanın ağır atletika yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançıları yarışlarda 1 qızıl və 3 bürünc medal qazanıblar.
Ağır atletika yarışlarının sonuncu günündə qadınlar 90, +90, kişilər isə 105, +105 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycanı Fidan Əbdürrəhmanova (90 kq) və Azər Məmmədli (+105 kq) təmsil ediblər.
Yarışda 90 kiloqram çəki dərəcəsində qızıl medala toplam 224 kiloqram (99+125) nəticə ilə misirli Dina Bərəkət sahib olub. İkinci və üçüncü yerləri Kamerun təmsilçiləri tutublar. Gümüş medala 223 kiloqram (100+123) nəticə ilə Numbissi Mekunyi, bürünc medala isə 207 kiloqramı (87+120) ram edən Flore Um Albertine layiq görülüblər. Fidan Əbdürrəhmanova toplam 135 kiloqram (60+75) kiloqram nəticə ilə yeddinci yeri tutub.
Yarışda 90 kiloqramdan yuxarı çəki dərəcəsində də misirli qadın atlet çempion adına layiq görülüb. Bu ölkənin təmsilçisi Şaima Haridi 275 kiloqramı (120+155) ram edərək yarışın birincisi olub. İndoneziyalı Nurul Akmal 230 kiloqram (99+131) nəticə ilə ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə 221 kiloqram (95+126) nəticə ilə tunisli Marva Jelassi tamamlayıb.
Kişilər arasında 105 kiloqram çəki dərəcəsində iranlı atlet Barari Mohammadreza çempion olub. O, toplam 395 kiloqram (175+220) nəticə ilə qızıl medalı təmin edib. Gümüş medala da iranlı idmançı layiq görülüb. Salvan Alaifuri toplam 391 kiloqramlıq (176+215) nəticə göstərib. Özbəkistan təmsilçisi İvan Yefremov isə 380 kiloqramı (175+205) ram edərək bürünc mükafata yiyələnib.
Kişilər arasında 105 kiloqramdan yuxarı çəki dərəcəsində özbəkistanlı Rustam Canqabaev toplam 431 kiloqram (193+238) nəticə ilə qızıl medal qazanıb. Onun göstərdiyi bu nəticə İslam Həmrəyliyi Oyunlarında rekord göstərici olub. Fəxri kürsüdə ikinci və üçüncü yerləri İran təmsilçiləri tutublar. Gümüş medala 414 kiloqram (188+226) nəticə ilə Homayaun Teymouri, bürünc medala isə 399 kiloqramı (181+218) ram edən Ramin Rabiebifaradanbeh layiq görülüblər. Təmsilçimiz Azər Məmmədli isə toplam 379 kiloqramlıq (168+211) nəticə ilə fəxri kürsüdə yer ala bilməyib.
Xatırladaq ki, beş gün davam edən ağır atletika yarışlarında Azərbaycan 8 qadın və 8 kişi idmançı ilə təmsil olunub. İdmançılarımız yarışlarda 1 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Anastasiya İbrahimli (69 kq), bürünc medalları isə Səbinə Əzimova (53 kq), Elnurə Abbasova (63 kq) və Rövşən Fətullayev (94 kq) yazdırıblar.