İDMAN


İslamiada: Azərbaycan idmançıları zorxana yarışlarını 7 medalla başa vurublar

Bakı, 21 may, Nihad Budaqov, AZƏRTAC

Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının ikinci - sonuncu günündə idmançılar fərdi növlər üzrə məharətlərini nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlarda Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan, Toqo və Uqandanın təmsilçiləri mübarizə aparıblar. Gün ərzində səngi, milbazi, çərxi-tiz, kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər müəyyənləşib.

Yarışlarda səngi növü üzrə çıxışlarda hakimlərin qərarına əsasən, qızıl medala Azərbaycan idmançısı Rüfət Gülalıyev layiq görülüb. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib olublar.

Milbazi növü üzrə yarışda isə Xəyyam Orucov hakimlərin qərarına əsasən gümüş medala yiyələnib. Bu növdə qızıl medalı iranlı Pejam Sokonati, bürünc medalları isə əfqanıstanlı Şakib Əhməd Atahi və Pakistan təmsilçisi Əhməd Sərdar Ərbab Xan qazanıblar.

Zorxana yarışlarında komandamızın aktivinə üçüncü medalı Orxan Xanlarov yazdırıb. O, çərxi-tiz fərdi növü üzrə yarışda bürünc medala layiq görülüb. Qızıl medal iranlı Əli Calilo, gümüş medal iraqlı Caber Abdulamer, digər bürünc medal isə əfqanıstanlı Həsən Muştaq Şərifə nəsib olub.

Millimizin aktivinə növbəti medal kəbbadə yarışında əlavə olunub. Komandamızın üzvü Məmməd Salamov bürünc medala layiq görülüb. Yarışın qalibi İran idmançısı Mohsen Golestani Zadeh olub. İraqlı Caber Abdulamir gümüş, digər bürünc medalı isə İsmail Sanqov (Türkmənistan) qazanıblar.

Xəyyam Orucov milsəngin yarışında özünün ikinci medalını əldə edib. O, bu növ üzrə bürünc medala layiq görülüb. İranlı Mostafa Mofid qızıl, iraqlı Ridha Alqburi gümüş, tacikistanlı Navruz Arabov isə digər bürünc medala sahib olublar.

Orxan Xanlarov zorxana yarışlarında özünün ikinci medalını aktivinə yazdırıb. O, bu dəfə çərxi-çəməni üzrə fərdi çıxışlarda gümüş medal qazanıb. Çempion olan iranlı Əli Calilo ikinci qızıl medalını aktivinə yazdırıb. Bürünc medalları isə tacikistanlı Abduali Nazarali və əfqanıstanlı Mustafa Nuristani hesablarına əlavə ediblər.

Qalib idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin üzvləri Salim Musoke və Bəhram Əfşarzadə təqdim ediblər.

Beləliklə, Azərbaycan idmançıları zorxana yarışlarında komanda hesabında gümüş, fərdi mübarizədə isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

“Zorxana” sözünün mənası “zor”- güc, “xana”- ev, yəni “güc evi” deməkdir. Yarışlar mürşidin ifa etdiyi ritmik musiqinin sədaları altında keçirilir. Mürşid zərb aləti ilə zorxana ritmlərini ifa edən şəxsə deyilir. O, sərdəm deyilən yerdə oturur. Qapı “sərdəm”ə gedən dar və alçaq keçidə açılır. Sərdəm 1 və ya 1,5 metr hündürlüyündə olan taxtdır.

Zorxana alətləri qədim silahların formasında hazırlanıb. Səng aləti qalxana, mil əmud, toppuz və qılınca, kəbbadə kamana bənzəyir. Şeno aləti isə üzərində jim hərəkətlərinə oxşar məşqləri etmək üçündür.

İdmanın bu növü 2013-cü ildən İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.