İDMAN
İslamiada: Azərbaycan idmançısı üzgüçülük yarışlarının üçüncü günündə də çempion olub
Bakı, 15 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 15-də Bakı Su İdman Sarayında keçirilən üzgüçülük yarışlarının üçüncü günündə də medal qazanan Azərbaycan atleti Maksim Şemberev İslamiadada ikiqat çempionluğunu rəsmiləşdirib. Üzgüçümüz 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında də rəqibləri üçün əlçatmaz olub.
AZƏRTAC xəbər verir ki, günə kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının təsnifat seansları ilə start verilib. Daha sonra kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının yarımfinal və final görüşləri, kişilər və qadınlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarının yarımfinal mərhələsi keçirilib. Qadınlar arasında 100 və 1500 metr məsafəyə sərbəst üsulla üzmə, qadınlar arasında 200 metr, kişilər arasında 100 metr məsafəyə arxa üstə üzmə, kişilər arasında 400 metr məsafəyə kompleks üsulla üzmə, qadınlar arasında 200 metr məsafəyə batterflay üsulla üzmə və kişilər arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışlarının qalib və mükafatçıları məlum olub.
Üzgüçülük yarışlarının üçüncü günündə Türkiyə idmançıları 4-ü qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla 11 medal qazanıblar.
Qaliblərə medalları Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Mohammad Abdulla Al Ahceri və İHİF-in İcraiyyə Komitəsinin üzvü İdris Dokani Adiker təqdim ediblər.
Üzgüçülük yarışlarına mayın 17-də yekun vurulacaq.