İDMAN


İslamiada: İdman gimnastikası yarışlarının qalibləri mükafatlandırılıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi idman gimnastikasında sərbəst hərəkətlər, paralel qollar və halqalarla hərəkətlər üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərbəst hərəkətlərdə Murad Ağarzayev 14,400 xalla birinci yeri tutub. Gümüş medala 13,350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13,100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.

Paralel qollarda azərbaycanlı atlet Timur Bayramov 13,100 xal toplayaraq bürünc medalla kifayətlənib. Qızıl medala 14,900 xalla Fərhat Arican (Türkiyə), gümüş medala isə 13,500 xal toplamış Hilal Metidji (Əlcəzair) sahib olublar.

Halqalarda hərəkətlərdə qızıl medala 15,250 xalla İbrahim Çolak (Türkiyə) layiq görülüb. Azərbaycan təmsilçisi Talas Bence halqalarla hərəkətlərdə 14,500 xal toplayaraq gümüş medala, bürünc medala isə 13,850 xal toplayan iranlı Hadi Kanarinejad layiq görülüb.

Mükafatları idmançılara Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Qadın idman gimnastları yarışda dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə mübarizə aparıblar.

Dayaqla tullanmada qızıl medala 14,250 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitsina, gümüş medala 13,750 xalla təmsilçimiz Marina Nekrasova, bürünc medala isə 13,025 xalla İndoneziya gimnastı Rifda İnfanalutfi sahib olublar.

Müxtəlif hündürlüklü qollarda Türkiyə gimnastı Demet Mutlu 12,750 xalla qızıl, Azərbaycan təmsilçisi Yekaterina Tişkova 12,400 xalla gümüş, türkiyəli Ekin Morova isə 11,900 xalla bürünc medallara layiq görülüblər.

Qadın gimnastların yarışında qalib gələn idmançılara mükafatları İslam Həmrəyliyi İdmanı Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin üzvü Omar Diaqne təqdim edib.

Bu gün axşam kişi idman gimnastları dayaqla tullanma, gimnastika atı və turnikdə hərəkətlər, qadın atletlər isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə yarışlarda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.