İDMAN
İslamiada: Qadınlar arasında fərdi tennis yarışlarının səkkizdəbir final mərhələsinin növbəti görüşləri oynanılıb
Bakı, 19 may, Elvin Camalov, AZƏRTAC
Mayın 19-da İslamiadanın tennis yarışlarında qadın tennisçilər arasında fərdi görüşlərin səkkizdəbir final mərhələsində növbəti dörd oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda mübarizə aparan İran tennisçisi Qazal Pakbaten Özbəkistan təmsilçisi Sabina Şaripovaya hər iki setdə məğlub olaraq (6:2, 6:0) mübarizəni dayandırıb. Özbəkistanlı tennisçi adını dörddəbir finala yazdırıb.
Türkiyə təmsilçisi Berfu Cengiz dörddəbir finala vəsiqəni Pakistan idmançısı Sarah Xan üzərində inamlı qələbə (6:0, 6:0) qazanaraq təmin edib.
Malayziya təmsilçisi Cavairiah Noordin səkkizdəbir finalda Səudiyyə Ərəbistanı atleti Areej Farehi məğlub edərək (6:2, 6:0) növbəti mərhələyə yüksəlib.
Digər görüşdə isə Azərbaycan təmsilçisi Umayra Həşimovaya 6:1 və 6:2 hesabı ilə qalib gələn Türkmənistan tennisçisi Cahan Bayramova dörddəbir finala adlayıb.
Qadınların fərdi yarışında yarımfinal mərhələsinin iştirakçıları mayın 20-də müəyyənləşəcək.