İDMAN


İslamiada: Ruslan Lunyov atıcılıq yarışlarının ikinci günündə də qızıl medal qazanıb

Bakı, 14 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Mayın 14-də IV İslam Həmrəyliyi Oyunlarının Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq yarışlarının ikinci günündə Azərbaycan millisinin aktivinə daha bir qızıl medal əlavə olunub.

AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə 10 metr məsafədən pnevmatik tüfənglə atəşaçma üzrə qarışıq komanda, kişilərin 25 metrdən tapança ilə sürətli atəşaçma, qadınların 25 metrdən tapança ilə atəşaçma, kişilərin səngər stendi yarışları keçirilib.

Ötən gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında çempionluğu əldə edən Azərbaycan idmançısı Ruslan Lunyov yarışlarda özünün 2-ci, ölkəmizin isə 12-ci qızıl medalını qazanıb. O, kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək (21 xalla) qızıl medala yiyələnib.

Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç (20 xal), bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi (18) qazanıb.

“Bakı-2017”də 10 metr məsafədən pnevmatik tüfənglə atəşaçma üzrə qarışıq komanda yarışının qalibi Banqladeş komandası olub. Birincilik uğrunda İran komandası ilə mübarizə aparan Banqladeş millisi 21,5 xalla çempion adını qazanıb. İran yığması ikinci, Türkiyə millisi isə üçüncü yeri tutub.

Yarışlarda Azərbaycanı təmsil edən Əli Məcidli və Jalə Bayramova təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının qızıl medalını 28 xal toplayan Qətər idmançısı Əlmübarək Aldana Saad qazanıb. Gümüş medala İran təmsilçisi Haniyeh Rostamiyan, bürünc medala isə tunisli Olfa Cereni sahib olublar. İdmançımız İradə Aşumova yarışı dördüncü yerdə başa vurub. Digər idmançılarımız Zərifə Qasımova və Nigar Nəsirova isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Kişilər arasında səngər stendi yarışında Misir idmançısı Əhməd Kamar 40 xalla qızıl medal qazanıb. Yarışın ikincisi 39 xalla Türkiyə idmançısı Oğuzxan Tuzun, üçüncüsü isə 33 xalla qətərli Nasser Əli Əl Həmaidi olublar.

Azərbaycan idmançısı Əli Hüseynli yarışı 20 xalla beşinci yerdə başa vurub. Ramil Rüstəmzadə və Əlimirzə Quliyev isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Sonra mükafatlandırma mərasimi olub.

Qaliblərə medalları IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov təqdim edib.

Atıcılıq yarışlarına mayın 17-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.