İDMAN


İslamiada: Türkiyənin kişi və qadın tennisçiləri komanda yarışlarında çempion olublar

Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışlarının dördüncü günündə komandaların mübarizəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda kişilərin mübarizəsində üçüncü yer uğrunda görüşdə Qətər və Özbəkistan milliləri qarşılaşıblar. Oyunda fərdi görüşlər heç-heçə başa çatıb – 1:1. Cütlüklərin mübarizəsində qələbə qazanan Özbəkistan yığması İslamiadanın bürünc medalını əldə edib.

Qızıl medal uğrunda görüşdə isə Türkiyə və Pakistan komandaları mübarizə aparıblar. Fərdi görüşlərdə Türkiyə millisi 2:0 hesabı ilə qalib gəldiyi üçün cütlüklərin yarışı keçirilməyib və qarşılaşma qardaş ölkə idmançılarının qələbəsi ilə başa çatıb.

Beləliklə, kişi tennisçilərin komanda yarışında Türkiyə qızıl, Pakistan gümüş, Özbəkistan isə bürünc medala sahib olub.

Qadınların yarışında seçmə mərhələ çərçivəsində “A” qrupunda Azərbaycan və Pakistan tennisçiləri üz-üzə gəliblər. Fərdi görüşlərdə hesab 1:1 olsa da, cütlüklərin mübarizəsində Azərbaycan tennisçiləri qələbə qazanıblar və yekun hesab millimizin xeyrinə başa çatıb - 2:1. Lakin bu qələbə komandamızın medallar uğrunda mübarizəyə qoşulması üçün kifayət etməyib.

İslamiadada qadın tennisçilərin yarışında qızıl medala finalda Özbəkistan yığmasına 2:0 hesabı ilə qalib gələn Türkiyə idmançıları layiq görülüblər. İkinci yeri Özbəkistan, üçüncü yeri isə Türkmənistan tennisçiləri tutublar.

Sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Bununla da IV İslam Həmrəyliyi Oyunlarında tennis üzrə komanda yarışlarına yekun vurulub. Mayın 16-da fərdi yarışlar start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.