İDMAN


İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir

Bişkek, 15 iyun, АZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir. Azərbaycan yalnız idman deyil, gənclər sahəsində də böyük uğurlar qazanıb.

Bunu Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında mükafat qazanan Qırğızıstan idmançıları ilə görüşündə bu ölkənin Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi direktorunun müavini Kanatbek Arpaçiyev deyib.

Görüş Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi və bu ölkənin Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilib.

Səfir Qırğızıstan komandasının IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə iştirak etdiyini və medal sıralamasında 10-cu yeri tutduğunu deyib. O, Oyunlarda iştirak edən Mərkəzi Asiya ölkələri arasında Özbəkistandan sonra ən yaxşı nəticəni qazanan Qırğızıstanın 2-ci yerdə olduğunu vurğulayıb, bunu qırğız idmançılarının böyük uğuru kimi qiymətləndirib.

Azərbaycanlı diplomat son illər idmançılarımız və gənclərimiz arasında əməkdaşlığın inkişaf etdiyini qeyd edib. O, Azərbaycan komandasının Qırğızıstanda keçirilən II Dünya Köçəri Oyunlarında 70 idmançı ilə çıxış edərək yaxşı nəticələr qazandığını da bildirib.

Hidayət Orucov gənclər siyasəti sahəsində səfirlik ilə Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi və bu ölkənin Milli Olimpiya Komitəsi ilə birgə işlərin görüldüyünü diqqətə çatdırıb.

Səfir sonra hər iki qurumun nümayəndələrinə xatirə hədiyyələri və kitablar təqdim edib, qırğız idmançılarına yeni uğurlar arzulayıb.

Sonra çıxış edən Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi direktorunun müavini Kanatbek Arpaçiyev Azərbaycanın son illər Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə dünya çempionatı və Formula-1 kimi nəhəng beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Odlar Yurdunun dünyada güclü idman ölkəsi kimi qəbul olunduğunu xüsusi vurğulayıb.

Qırğızıstan Milli Olimpiya Komitəsinin baş katibi Salamat Erqeşov ölkəsinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən bütün idmançıları adından Azərbaycanda yaradılan şəraitə görə təşəkkür edib və Qırğızıstanın Olimpiya yığmasının formasını səfirə təqdim edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.