REGİONLAR
İsmayıllı: “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi
İsmayıllı, 29 avqust, AZƏRTAC.
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Heydər Əliyev İdarəetmə Məktəbi”ndə növbəti məşğələ keçirilib.
AZƏRTAC xəbər verir ki, məşğələdə tədris olunan “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusu ətrafında “Heydər Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru Fərman Bəşirov, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, əməkdar müəllim Şəfaqət Rəsulov, peşə tədris mərkəzinin direktoru Zaur Muradov və başqaları çıxış edərək Ümummilli Liderin Azərbaycanda təhsilin sistemli şəkildə inkişafına göstərdiyi xidmətləri ayrı-ayrı aspektlərdən şərh ediblər.
Vurğulanıb ki, respublikamızda təhsilin bütün pillələrinin əsaslı yüksəlişi məhz xalqımızın bu böyük oğlunun adı ilə bağlıdır. Xüsusən Azərbaycan müstəqillik qazandıqdan sonra onun rəhbərliyi ilə təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, inkişafın yeni mərhələsinə çıxarılması istiqamətində ardıcıl və sistemli iş aparılıb. Ulu Öndərin tapşırığı ilə Nazirlər Kabinetinin 1999-cu il 26 avqust tarixli Qərarına əsasən ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşmələrə rəvac verib. İslahatların sistemli aparılmasının, milli konsepsiyanın tətbiqində ənənə və müasirliyin üzvi vəhdətinin zəruriliyinin, nəticələrin təhlil edilərək nəzərə alınmasının mühüm əhəmiyyətini qeyd edən ümummilli lider Heydər Əliyev deyirdi: “Təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara... yer ola bilməz... Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın”.
Məşğələdə Ümummilli Liderin təhsilin inkişafı ilə bağlı imzaladığı sənədlərdən, onların Azərbaycan təhsilinin hazırkı inkişafında mühüm rolundan bəhs edilib. Bildirilib ki, ölkəmizdə yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin lazimi inventar və tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin pulsuz dərsliklərlə təminatı, müəllim əməyinin qiymətləndirməsi, istedadlı gənclərə göstərilən dövlət qayğısı, onların xaricə təhsilinin təşkili və sair məhz Ulu Öndərin rəhbərliyi ilə müəyyənləşdirilən və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət təhsil siyasətinin uğurlu nəticəsidir.
Məşğələdə son illər İsmayıllıda da təhsil sahəsində qazanılan diqqətəlayiq nəticələrin məhz ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu bildirilib. Belə ki, təkcə cari ildə rayondan ali məktəblərə 300 nəfər qəbul olunub. Onlardan 20 nəfəri 600-dən, 47 nəfəri isə 500-dən çox bal toplayıb.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məşğələyə yekun vuraraq bu gün ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdiyini vurğulayıb.