REGİONLAR
İsmayıllı komandası kompyuter oyunları üzrə ölkə çempionatının finalına vəsiqə qazanıb
İsmayıllı, 19 avqust, AZƏRTAC
Avqustun 19-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə kompyuter oyunları üzrə X Azərbaycan Milli Çempionatının Dağlıq Şirvan zonası mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyasının prezidenti Ramin Əliyev və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbirdə çıxış edərək oyunun qaydaları barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ucar, Kürdəmir rayonlarının komandaları arasında keçirilən yarışda İsmayıllı komandası birinci yeri tutaraq Bakı şəhərində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.
Fərdi oyun olan “FİFA 16” mərhələsində isə İsmayıllı rayonundan Elburus Hüseynov bütün rəqiblərini üstələyərək birinci yerə çıxıb və fərdi oyunların final mərhələsində iştirak etmək hüququna nail olub.
Qaliblər Assosiasiyanın diplomları ilə təltif edilib.