REGİONLAR
İsmayıllı məktəblisi: Qərb bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən çox şey öyrəndik
Gəncə, 26 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycanın qərb bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndik. Bu abidələr, muzeylər Azərbaycanın tarixinin nə qədər qədim, mədəniyyətinin nə qədər zəngin olduğunu bir daha sübut edir. Gəncədə İmamzadə ziyarətgahı, Nizami Gəncəvi türbəsi, “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi, Şah Abbas məscidi, Çökək hamam, “Uğurlu xan” karvansarası, Cavad xan türbəsi və qəhrəmanın adını daşıyan, açıq səma altında muzeyi xatırladan küçə, buradakı qırmızı kərpicli yaraşıqlı binalar yaddaşımızdan heç vaxt silinməyəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Azərbaycanın qərb bölgəsinə səyahət edən İsmayıllı rayonu 1 saylı tam orta məktəbinin X sinif şagirdi Günay Nuriyeva bildirib. O deyib: “Qərb bölgəsindən zəngin və xoş təəssüratlarla ayrılırıq. Bu yerlərin füsunkar təbiətini, tarixi abidələrini, müasir üslubda tikilmiş binalarını və mehriban insanlarını heç zaman unutmayacağıq. Bu layihənin həyata keçirilməsinə görə cənab Prezidentimizə minnətdarıq”.