REGİONLAR
İsmayıllı rayonunun Gəraybəyli kəndində yeni tibb məntəqəsi istifadəyə verilib VİDEO
İsmayıllı, 18 mart, AZƏRTAC
Martın 18-də Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İsmayıllı rayonunun Gəraybəyli kəndində inşa olunan yeni tibb məntəqəsinin açılış mərasimi keçirilib. Tibb məntəqəsi Gəraybəyli, eləcə də digər yaxın yaşayış məntəqələri olan Xəlilli, Eyyubbəyli, Keşqurd, Zərnava və Külüllü kəndlərinin 2000 nəfərə yaxın sakininə xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşinin də iştirak etdiyi açılış mərasimində İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Novruz bayramı ərəfəsində kənddə yeni tibb məntəqəsinin istifadəyə verilməsinin sakinlərin sosial həyatı üçün mühüm töhfə olduğunu bildirib. İcra hakimiyyətinin başçısı Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasındakı dostluq əlaqələrindən danışıb.
Sonra T.Takahaşi çıxış edərək vurğulayıb ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” üzrə Azərbaycanda həyata keçirilən 199 layihədən 13-ü məhz İsmayıllının payına düşür. Səfir çıxışının sonunda yerli sakinləri tibb məntəqəsinin açılışı münasibətilə təbrik edərək deyib: “Mən dostluğumuzdan çox məmnunam. Ucqar rayonlarda tibbi xidmətdən istifadənin imkanlarını təkmilləşdirmək insanların həyatı üçün çox önəmlidir və əminəm ki, bu layihə burada insanların gündəlik həyatına müsbət təsir göstərərək, öz töhfəsini verəcək”.
Mərasimdə Milli Məclisin deputatı Ərəstun Cavadov, kənd ağsaqqalı Rəsul Səfərov çıxış edərək, tibb məntəqəsinin yerli sakinlərə yüksək səviyyədə xidmət göstərəcəyinə əminliklərini bildiriblər.
Sonra tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.