REGİONLAR


İsmayıllı: referenduma hazırlıq işləri başa çatmaq üzrədir

A+ A

İsmayıllı, 14 sentyabr, AZƏRTAC 

86 saylı İsmayıllı seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referenduma hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq artıq başa çatmaq üzrədir.

Dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov AZƏRTAC-a bildirib ki, İsmayıllı rayonunun ərazisində 69 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Dairənin tərkibinə daxil olan bu məntəqələr üzrə 40 min 804 nəfər seçici qeydə alınıb. Onlardan 216 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir.

Komissiya sədrinin bildirdiyinə görə, bütün seçki məntəqələri zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik generatorları, rabitə şəbəkəsi və təhlükəsizlik avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr təşkil edilib. Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Məntəqə seçki komissiyalarında seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər yazılıb.

Hazırda dairə seçki komissiyasında 492 müşahidəçi qeydə alınıb və bu iş davam etdirilir. Artıq bütün məntəqələrə təşviqat materiallarının paylanılması başa çatdırılıb.

Məntəqə seçki komissiyalarında bütün işlərin yüksək səviyyədə həyata keçirildiyini və məntəqələrin hazır vəziyyətə gətirildiyini diqqətə çatdıran Əlirəmzi Məhərrəmov məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün sentyabrın 6-dan başlanan maarifləndirici treninqlərin müvəffəqiyyətlə başa çatdığını bildirib. Qeyd edib ki, treninqlərdə dairənin əhatə etdiyi 69 məntəqənin üzvləri, ümumilikdə 414 nəfər iştirak edib.

Maarifləndirici treninqlərdə əsas diqqət referendum günü seçki hərəkətlərinin Seçki Məcəlləsinə uyğun, dəqiqliklə yerinə yetirilməsi məsələlərinə yönəldilmişdi. Treninqlərdə nümunələr videoçarx vasitəsilə əyani şəkildə göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.