REGİONLAR
İsmayıllı və Zərdabda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü qeyd olunub
İsmayıllı, 14 iyul, AZƏRTAC
İsmayıllı və Zərdabda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, İsmayıllıda mərkəzi meydanda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü ilə əlaqədar keçirilən təntənəli mərasimdə ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, təhsil şöbəsinin işçisi Hümbət Əsədov ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən, kənd təsərrüfatı, sənaye, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə əldə edilən nailiyyətlərdən ətraflı danışıb, Ulu Öndərin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbir bayram konserti ilə davam etdirilib. Folklor qruplarının çıxışları, xalq sənəti üzrə sərgilər hər kəsdə böyük maraq doğurub.
“Mən Azərbaycan haqqında nə bilirəm?” Beynəlxalq esse yazı müsabiqəsinin qalibi olan Argentina, Banqladeş, Braziliya, Butan, Çexiya, Fransa, Hindistan, Litva, Mesksika, Monteneqro, Rumıniya və Serbiya gəncləri də tədbirdə iştirak ediblər.
X X X
Zərdablılar ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünü təntənəli şəkildə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində yığıncaq keçirilib. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra və bələdiyyə qurumlarının təmsilçiləri, əmək kollektivləri və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev parkına gələrək, Ulu Öndərin abidəsi önünə gül və çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyev 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəldikdən sonra həyata keçirilən islahatlar nəticəsində Azərbaycan qısa müddətdə keçmiş Sovet İttifaqı daxilində geri qalan respublikadan hərtərəfli inkişaf edən respublikaya çevrilib. 47 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalqa sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdı. İqtisadi-sosial parametrlərinə görə qonşu respublikaların bizdən çox-çox irəlidə olmasına baxmayaraq, Heydər Əliyev qısa müddətdə Azərbaycanı gerilikdən çıxarıb və bununla da ölkənin tərəqqisinin başlanğıcını qoyub.
Natiqlər Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yolunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.