REGİONLAR
İsmayıllıda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilib
İsmayıllı, 1 avqust, AZƏRTAC
Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "millətin milliliyini saxlayan onun dilidir". Fəxr edirik ki, Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək aydın şəkildə ifadə etmək qüdrətinə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İsmayıllıda uşaq kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Gülnarə Mirzəliyeva dilin millətin təfəkküründə, milli birliyin formalaşmasında vacib amillərdən olduğunu vurğulayıb. O, Azərbaycan dilinin zaman-zaman ciddi sınaqlarla üzləşdiyini qeyd edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin dilimizin qorunması və təbliği istiqamətində müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan SSR-nin 1978-ci ildə qəbul olunan Konstitusiyasında Ulu Öndərin səyi ilə ilk dəfə Azərbaycan dili rəsmi dövlət dili statusu qazanıb. Müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən ana dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul olunub. Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Tədbir musiqili-əyləncəli proqramla başa çatıb.