REGİONLAR
İsmayıllıda “Sənaye mərkəzi” yaradılacaq
İsmayıllı, 28 iyul, Adil Ağayev, AZƏRTAC
Aqrar bölgə olan İsmayıllı rayonunda son illər sənaye infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, yaxın vaxtlarda bölgədə “Sənaye mərkəzi” yaratmaq istiqamətində genişmiqyaslı tədbirlərə başlanılıb. Bu məqsədlə sahibkarlar, iş adamları ilə görüşlər keçirilir, onlar “Sənaye mərkəzi” barədə ətraflı məlumatlandırılırlar.
Qeyd edək ki, “Sənaye mərkəzi”nin hazırda inşa olunan və ilin sonunadək istifadəyə veriləcəyi nəzərdə tutulan velosiped zavodunun yaxınlığında yaradılması nəzərdə tutulur. Təşəbbüsün dəstəklənməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilib. Beş hektardan ibarət ərazinin sxemi, habelə “Sənaye mərkəzi” barədə ilkin məlumatlar nazirliyə təqdim olunub.
Hazırda iş adamları tərəfindən təkliflər ümumiləşdirilir, konkret nəticələr müəyyənləşdirilir.