CƏMİYYƏT
İsmayıllıda “Yaşıl Teatr” layihəsinə start verilir
Bakı, 31 avqust, AZƏRTAC
Məktəblilərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji təşəbbüskarlığının artırılması məqsədilə “Yaşıl Teatr” layihəsinə start verilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının UNESCO Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında maarifləndirmə işi aparmaq, ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək, eyni zamanda, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətir.
“Yaşıl Teatr” layihəsi çərçivəsində ekoloji təmiz qida, ekoloji sağlam həyat, təbii ehtiyatlardan səmərəli istifadə olunması, yaşıllıqların salınması və qorunması, istehsalat və məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və təkrar emalın təşkili, məktəblilərin ətraf mühitin qorunmasında iştirakı, ekologiyanın mühafizə olunması çərçivəsində hüquq və vəzifələrin həyata keçirilməsi və ekoloji tarazlığın bərpa yolları kimi mövzuları əhatə edəcək təlimlər keçiriləcək.
Proqramın əsasını təşkil edən təlimlər debatlar, qrup işləri, interaktiv müzakirələr, müxtəlif oyunlar təbiət qoynunda keçiriləcək.
Təlimlərdə uğurla iştirak edən iştirakçılara sertifikatlar təqdim olunacaq.
“Yaşıl Teatr” layihəsi sentyabrın 10-dan 13-dək İsmayıllı rayonunda Heydər Əliyev adına parkda reallaşacaq.
Layihədə yalnız İsmayıllı rayonunda yaşayan və təhsil alan gənclər, eləcə də məktəblilər iştirak edə bilərlər.