REGİONLAR
İsmayıllıda dini radikalizm və onun fəsadları mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllı, 18 oktyabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon təhsil şöbəsinin akt zalında keçirilən seminarda rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, rayon təhsil şöbəsinin müdir müavini Rahim Baxışov, məktəb direktorları, psixoloqlar və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, dini radikalizm və ekstremizm bu gün sürətlə yayılmaqda, bəşəriyyət üçün ciddi təhlükəyə çevrilməkdədir. Müəyyən siyasi məqsədlər üçün hesablanan bu meyillərin ən qorxulu məqamı isə yeniyetmə və gənclərin bu proseslərə alət kimi cəlb olunmalarıdır. Bu baxımdan yeniyetmə və gənclərin məlumatsızlıq və yanlış yönləndirilmələrinə qarşı maarifləndirmə işlərinin təşkili xüsusi önəm kəsb edir.
Seminarda Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli zərərli, qeyri-ənənəvi, radikal dini cərəyan və təriqətlərin təbliğat metodları və məqsədləri haqqında ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.