REGİONLAR
İsmayıllıda əmək yarmarkasında 104 nəfərə işə göndəriş verilib
İsmayıllı, 24 may, AZƏRTAC
İsmayıllı Peşə Tədris Mərkəzində növbəti “Əmək yarmarkası” keçirilib.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar iştirak edib.
Əmək yarmarkasında işaxtaranlara 52 idarə, müəssisə, təşkilat və sahibkar tərəfindən 238 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlərdən 26-sı dövlət, 24-ü qeyri-dövlət, 2-si isə fiziki şəxs olub. Boş iş yerlərində orta əməkhaqqı 125 manatdan 310 manatadək təşkil edib.
Yarmarkada təqdim olunan boş iş yerləri üçün 104 nəfərə göndəriş verilib. Onlardan 51-i dövlət, 53-ü isə özəl iş yerləridir.