CƏMİYYƏT


İsmayıllıda ilk mənbədən informasiya alınmasının perspektivləri müzakirə olunub

Bakı, 8 iyul, AZƏRTAC 

İyulun 7-də “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində reallaşdırılmış tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

“Dəyirmi masa”nı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq bildirib ki, son günlər Füzuli rayonu istiqamətində erməni təcavüzkarlarının dinc insanları, hətta körpələri belə qətlə yetirmələri bütün ölkə ictimaiyyəti kimi İsmayıllı rayon sakinlərini də sarsıdıb. Bu bəşəri cinayətin də cavabsız qalmayacağı şəksizdir.

Tədbir iştirakçıları Qarabağ şəhidlərinin və təcavüz qurbanlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə dörd ayı əhatə edən layihə barədə məlumat verib. O vurğulayıb ki, belə səpkili tədbirlər bundan əvvəl Lənkəranda və Salyanda baş tutub. “Dəyirmi masa”larda ilk mənbədən informasiya alınması sahəsində mövcud qanunvericilik bazasına, bu münbit şəraitdən ölkədə necə istifadə olunduğuna, irəliləyişə, həllini gözləyən vəzifələrə diqqət yetirilib. Sədr bütün bunları konkret misallarla əsaslandırıb. Eyni zamanda, İsmayıllıda informasiyanın alınmasına yaradılan şəraitin də qənaətbəxş olmasını göstərib. Tədbir üçün zaman seçimində də məhz bu amilə diqqət yetirildiyini vurğulayıb.

Layihənin eksperti, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə çıxışında informasiya alınmasına, tərəflərin yanaşma metodikasının ətraflı təhlilini verib. O bildirib ki, mövcud şərait müəyyən istisnaları çıxmaqla istər informasiya daşıyıcılarına, istərsə də informasiya almaq istəyənlərə kifayət qədər geniş imkanlar yaradır. Ortaya çıxan narazılıqların kökü insanların bu imkanlara nə dərəcədə məsuliyyətli yanaşmasından asılıdır. Ekspert dəyərlərə belə münasibətin bütün cəmiyyətin mənafeyi ilə kəsişdiyini deyib.

Veteran jurnalist Valeh Salehov bəzi qurumlarda bürokratik meyllərin mövcudluğunun ilk mənbədən informasiya alınmasına mənfi təsirlərindən danışıb və diqqəti bu kimi halların aradan qaldırılmasının vacibliyinə çəkib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, “İnsan və Təbiət” qəzetinin redaktor müavini İldırım Dəmirli, əməkdar müəllim Şəfaqət Rəsulov, İsmayılı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və başqaları layihənin ictimai əhəmiyyətindən söz açaraq onun davamlılığını arzulandığını deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.