REGİONLAR
İsmayıllıda jurnalistlər üçün təlim kursları keçirilir
İsmayıllı, 12 iyul, Adil Ağayev, AZƏRTAC
Avropa Qonşuluq və Əməkdaşlıq Alətinin (ENPI) Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsinə dair II Proqramı (ELEG II) çərçivəsində iyulun 12-də İsmayıllıda jurnalistlər üçün təlim kurslarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisinin təşkilatçılığı ilə iyulun 14-dək davam edəcək təlim kurslarında 30 nəfər iştirak edir.
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisinin direktoru Elşad Əsgərov açılış mərasimində təlimlərin məqsədi, jurnalistlər üçün ekotəlimlərin keçirilməsinin əhəmiyyəti, meşəçilik sahəsində milli və beynəlxalq qanunvericiliyin öyrənilməsinin zəruriliyi barədə ətraflı məlumat verib.
Təlimlərin birinci günündə WWF Meşələr və Mühafizə olunan Ərazilər Proqramının rəhbəri Costel Bucur “Rumıniya misalında qeyri-qanuni oduncaq tədarükünün qarşısının alınmasında medianın rolu. Media vasitəsi ilə ictimaiyyətin mühafizə təlimlərinə cəlb edilməsi”, parlament təmsilçisi, layihənin milli məsləhət şurasının sədri Şamil Hüseynov “Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dair milli qanunvericiliyin əsas aspektləri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin bölmə müdiri Sadiq Salmanov “Azərbaycanın milli meşə fondu, meşələrin idarə edilməsi”, təhsil nazirliyi ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktor müavini Lalə Məmmədova “Məktəblərdə ekoloji təhsil”, “Yaşıl qələm” müəllimlərin və jurnalistlərin təhsil şəbəkəsinin idarə heyətinin üzvü, təlimçi Elçin Sərdarov “Ekoloji jurnalistikaya giriş: yerli və qlobal ekoloji mövzular” barədə ətraflı bilgilər və şərhlər verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Kurslar davam edir.